Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, TƏBİB və “Florence Healthcare International”ın birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində "Regionda ilk: meyitdən orqan nəqli" adlı beynəlxalq elmi konfrans keçirilib.
Tədbirin açılış mərasimində Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysəlova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi və digər rəsmi şəxslər iştirak ediblər.
Konfransda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova qeyd edib ki, ölkəmizdə orqan donorluğu və transplantasiyası istiqamətində atılan mühüm addımlardan, yaradılan hüquqi baza və beynəlxalq əməkdaşlıqlardan söz açıb: “Meyitdən orqan nəqli təkcə tibbi deyil, həm də sosial və mənəvi məsuliyyət tələb edən bir prosesdir və bu sahədə dövlətin dəstəyi ilə böyük irəliləyişlər əldə olunub.”
Daha sonra çıxış edən Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva transplantasiya prosesində koordinasiyanın əhəmiyyətini, donor ailələri ilə düzgün kommunikasiya və ictimai maarifləndirmənin vacibliyini vurğulayıb. O, bu sahədə təcrübə mübadiləsinin və beynəlxalq əməkdaşlığın orqan donorluğu sisteminin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova çıxış edərək orqan donorluğunun praktiki mərhələlərindən, beyin ölümü diaqnozunun qoyulması və donor orqanların uyğunlaşdırılması mexanizmlərindən bəhs edib. O, həmçinin son illərdə həyata keçirilən uğurlu transplantasiya əməliyyatlarını diqqətə çatdırıb. “Bu prosesdə hər saniyə, hər qərar həyati əhəmiyyət daşıyır. Bizim məqsədimiz hər bir donorun orqanını səmərəli şəkildə istifadə etməklə daha çox insana yaşamaq imkanı qazandırmaqdır. Bunun üçün həm həkimlərin peşəkarlığı, həm də ictimai dəstək vacibdir”.
Konfransda meyitdən orqan nəqli, transplantasiya sahəsində görülən işlər, bu istiqamətdə beynəlxalq təcrübə və gələcək hədəflər müzakirə olunub. Daha sonra konfrans sessiyalarla davam edib.
Konfransın birinci paneli “Meyitdən orqan transplantasiyası: canlı donorlu orqan transplantasiyası alternativdirmi?” mövzusuna həsr olunub. Panelə Rəşad Mahmudov və Yeganə Abbasova moderatorluq ediblər.
Panel çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev, həkim-transplantoloq Mircəlal Kazımi, anestezioloq-reanimatoloq Xəyal Məmmədov və Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasovanın təqdimatları dinlənilib. Təqdimatlar zamanı meyitdən orqan nəqli prosesinin tibbi, etik və hüquqi aspektləri müzakirə olunub, sual-cavab və fikir mübadiləsi aparılıb.